×
A
A
A
Sazlamalar

İstanbulda Türkiyənin ən böyük texnologiya festivalı keçirilir

İstanbul, 18 sentyabr, AZƏRTAC

İstanbulda Türkiyənin ən böyük texnologiya tədbiri olan “TEKNOFEST” keçirilir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Texnologiya Komandası Vəqfi (T3 vəkfi) və Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən keçirilən tədbirdə ölkənin ən qabaqcıl qurum və şirkətləri təmsil olunur. Atatürk hava limanında başlayan festivalda hərbi və sivil qurumların stendləri yer alır.
Festival çərçivəsində müxtəlif mövzularda seminarların, tədbirlərin, konsert proqramlarının, yerə bağlı hava şarları ilə uçuşların keçirilməsi, paraşütlə tullanmalar nəzərdə tutulur. Bu il ilk dəfə Türk Havaçılıq və Aerokosmik Sənayesinin beşinci nəsil hərbi təyyarəsinin modeli də tamaşaçılara təqdim edilib.
Həmçinin “İnsanlığın xeyrinə texnologiya”, “Süni zəka”, “İnsansız sualtı sistemlər”, “Uçan maşın modelləri”, “Robotlaşdırılmış Fəth 1453” və digər mövzularda yarışmalar da keçirilir.
Tədbirin ən vacib hissəsini təşkil edən yarışmaların finallarında nailiyyət qazananlara ümumilikdə 3 milyon türk lirəsindən çox mükafatların verilməsi nəzərdə tutulur. Bu yarışlarda dünyanın bir çox ölkəsindən olan vətəndaşlar da iştirak edəcək.
Festival sentyabrın 22-dək davam edəcək.

 

Günel Məlikova 

AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-09-18 16:08:00