×
A
A
A
Sazlamalar

Avropa Komissiyasının Prezidenti: Xaotik Brexit riski çox realdır

Vyana, 18 sentyabr, AZƏRTAC

Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker saziş olmadan xaotik Brexit riski barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Avropa Parlamentində çıxışı zamanı komissiya Prezidenti “No Deal” ehtimalının çox real olduğunu ifadə edib. O, çıxışında Böyük Britaniyanın Baş Naziri Boris Consonu Şimali İrlandiya və İrlandiyanın həmsərhəd regionları arasında sərhəd nəzarəti ilə bağlı alternativlər barədə yenidən yazılı təkliflər təqdim etməyə çağırıb: “Bizim çox az vaxtımız qalıb, lakin mən əminəm ki, biz bu həll üçün cəhd göstərməliyik.”
Prezident, həmçinin bildirib ki, bazar ertəsi B.Conson ilə görüşündə danışıqların bundan sonra ekspertlər arasında texniki səviyyədə deyil, birbaşa Aİ-nin Brexit danışıqları üzrə müşaviri və Böyük Britaniyanın Brexit üzrə katibi Stiv Barkley arasında aparılması barədə razılıq əldə edilib.
Avropa İttifaqına hazırda sədrlik edən Finlandiyanın Avropa üzrə Naziri Titti Tuppuraynen isə bildirib ki, oktyabrın 31-də razılaşmasız Brexitin baş verməsi olduqca mümkün hadisə ola bilər. Buna görə də o, Aİ ölkələrini “No Deal” Brexit üçün hazırlıqları fəal şəkildə irəlilətməyə çağırıb. Nazirin sözlərinə görə, Böyük Britaniyanın Brexitdən sonra Aİ ilə münasibətləri bu ölkənin Aİ-ni razılaşma ilə və ya razılaşmasız tərk etməsindən ciddi şəkildə asılı olacaq.

 

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Dünya 2019-09-18 15:04:00