×
A
A
A
Sazlamalar

Rusiyalı gimnastlar dünya çempionatının fərdi proqramda gürzlərlə təsnifat yarışlarına liderlik edirlər

Bakı, 18 sentyabr, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramda D qrupunda gürzlərlə təsnifat yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 35 gimnastın mübarizə apardığı D qrupunda gürzlərlə yarılarda ilk üç pillədə Rusiya təmsilçiləri yer alıblar. Arina Averina 24,250 xalla birinci olub. Onun əkiz bacısı Dina Averina 24,000 xalla ikinci, Yekaterina Seleznyova isə 22,600 xalla üçüncü olub.
Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

İdman 2019-09-18 14:06:00