×
A
A
A
Sazlamalar

Azərbaycan filmləri Özbəkistanda nümayiş olunacaq

Daşkənd, 18 sentyabr, АZƏRTAC

Sentyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan kinosu günləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən kino günlərinin rəsmi açılış mərasimi sentyabrın 23-də Əlişir Nəvai adına Kino Mərkəzində olacaq.
Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, diplomatları, kino sahəsinin mütəxəssisləri, Daşkənddəki ali məktəblərin tələbələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edəcək.
Kino günlərində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammetrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filmləri nümayiş etdiriləcək.
Tədbirlə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz Sultanzadənin rəhbərliyi ilə kino sahəsinin tanınmış mütəxəssisləri Özbəkistana səfər edəcək. Azərbaycanlı mütəxəssislərin Azərbaycan kinosu günlərinin rəsmi açılış mərasimində, habelə “Özbəkkino” Milli Agentliyində, müxtəlif tədris müəssisələrində görüşləri, mətbuat konfransı, təqdimatlarda iştirakı da planlaşdırılır. Azərbaycanın kino sahəsində tanınmış mütəxəssislərinin iştirakı ilə Özbəkistan Mədəniyyət və İncəsənət Universitetində bu sahənin aktual problemlərinə dair ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub.
Filmlərin bəziləri Daşkənd vilayəti Almalıq rayonunda, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, paytaxtdakı Mədəniyyət və İncəsənət Universitetində də göstəriləcək.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2019-09-18 13:35:00