×
A
A
A
Sazlamalar

“Aqrar Tədarük və Təchizat” ASC beyləqanlı fermerə kömək əlini uzadıb

“Aqrar Tədarük və Təchizat” ASC ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerə dəstək”

Bakı, 18 sentyabr, AZƏRTAC
Beyləqan rayon sakini Adil Hacıyev təsərrüfatında üzüm yetişdirməklə məşğuldur. Məhsulların satışında müəyyən sıxıntılar yaşayan fermer Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” (ATT) Açıq Səhmdar Cəmiyyətinə müraciət ünvanlayaraq əməkdaşlıq təklif edib. ATT-nin bir qrup əməkdaşı tərəfindən məhsullara baxış keçirilib, onların keyfiyyət göstəriciləri müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, fermer Adil Hacıyevin yetişdirdiyi üzüm ATT tərəfindən alınıb. Həmin məhsulun ödənişi isə “Fermer kartı” vasitəsi ilə həyata keçirilib.
Qeyd edək ki, məhsullarının keyfiyyəti yüksək olduğundan fermerdən artıq ikinci dəfədir üzüm məhsulu tədarük olunur.
Fermer Adil Hacıyev: “Təsərrüfatımda 5-6 növ üzüm sortu becərirəm. Bu il bol məhsul əldə etsəm də, onun satışında müəyyən çətinliyim vardı. Çəkdiyim zəhmət hədər getməsin deyə, “Aqrar Tədarük və Təchizat” ASC-yə müraciət etdim. Sağ olsunlar, tezliklə gələrək üzümlərə baxdılar və məhsulu məndən aldılar. Ödəniş isə kart vasitəsilə köçürüldü. Bir müddət sonra əvvəlkindən də çox üzüm yetişmişdi. Yenə də üzümü satmaq üçün ASC-yə üz tutdum. Onu da aldılar. Bir sözlə, zəhmətim hədər getmədi. Bu dəstək biz fermerləri ruhlandırır. Əvvəllər məhsulumuzu satmağa yer tapmazdıq, əlimizdə qalıb xarab olardı. Amma indi belə deyil. Ölkəmizdə aqrar sahədə həyata keçirilən tədbirlər, fermerlərə göstərilən dəstək öz nəticəsini verməkdədir. Mənə kömək göstərdiklərinə görə, ASC-yə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, nazirliyin əməkdaşları bundan sonra da kənd zəhmətkeşlərinin yanında olar”.
“Aqrar Tədarük və Təchizat” ASC yerli qida istehsalçılarından tədarük etdiyi kənd təsərrüfatı və ərzaq məhsulları ilə satınalan dövlət təşkilatları və özəl müəssisələrin ərzaq təchizatını həyata keçirir. Xatırladaq ki, Cəmiyyətin yaradılmasının da əsas məqsədi məhz dövlət vəsait və resurslarından qənaətlə istifadə etməklə ölkədə təhlükəsiz qida zəncirini yaratmaqdır.
Əhalinin qida təminatının dolğun şəkildə təşkilinə nail olmaq üçün ATT ölkənin müxtəlif regionlarından olan 200-dən çox fermerlə əməkdaşlıq edib və bu say gündən-günə artmaqdadır.

Kənd təsərrüfatı 2019-09-18 12:39:00