×
A
A
A
Sazlamalar

Biləsuvarda tərəvəz sahələrindən 43 min tondan çox məhsul toplanıb

Biləsuvar, 18 sentyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda tərəvəz yığımı davam edir. Səkkiz ayda məhsul istehsalçıları əkdikləri 1687 hektar tərəvəz sahəsinin 1423 hektarının məhsulunu toplayıblar ki, bu da ümumi tərəvəz sahəsinin 84 faizini təşkil edir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, biləsuvarlı əkinçilər cari ilin məhsulu üçün erkən yazda 1687 hektar sahədə tərəvəz əkiblər, bu da ötən ildəkindən 112 hektar çoxdur. Xeyli müddətdir ki, əkinçilər becərdikləri tərəvəz sahələrinin məhsulunu toplayırlar. İlin ötən aylarında ümumi tərəvəz sahəsinin 1443 hektarında yığım aparılıb və 43 min 373 ton məhsul tədarük olunub.
Yığılan məhsulun 3 min 838 tonunu xiyar, 32 min 449 tonunu pomidor, 436 tonunu badımcan, 521 tonunu bibər, 238 tonunu sarımsaq, 520 tonunu soğan, 1476 tonunu yaşıl noxud, 2 min 5 tonunu kartof, 334 tonunu isə digər tərəvəz məhsulları təşkil edib.
Tərəvəz yığımında rayonun Xırmandanlı, Günəşli, Ağayrı, Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər xüsusi ilə fərqlənirlər.
Rayonda tərəvəz yığımı ilin sonunadək davam edəcək.

Kənd təsərrüfatı 2019-09-18 12:35:00