×
A
A
A
Sazlamalar

Bundestaq sədrinin fikrincə, Macarıstan ən yeni tarixdə xüsusi yer tutur

Budapeşt, 18 sentyabr, AZƏRTAC

Macarların qeyrəti sayəsində 1989-cu ildə dünya tarixində yeni dövr başlandı.
AZƏRTAC xəbər verir ki, Almaniya Bundestaqının sədri Volfqanq Şoyble bu fikri Macarıstanın qərb sərhədinin açılmasının 30-cu ildönümü münasibətilə dünən axşam Macarıstanın M1 xəbər kanalına verdiyi müsahibədə söyləyib.
Volfqanq Şoyblenin sözlərinə görə, keçmiş Qərbi Almaniya siyasətçiləri yaxşı bilirdilər ki, əgər Almaniya Demokratik Respublikasında yaşayan almanların seçim hüququ yaranarsa, onlar Almaniya Federativ Respublikası ilə birləşmək yolunu seçərlər. Lakin eyni zamanda hamı yaxşı bilirdi ki, istər Almaniyada, istərsə də bütün Avropada sərhədlər dəyişdirilə bilməz, çünki kommunist rejimi bu cür səyləri boğardı. 1953-cü ildə almanlar, 1956-cı ildə macarlar, 1968-ci ildə çexlər və 1980-81-ci illərdə almanlar bu həqiqəti öz üzərlərində hiss etdilər.
Volfqanq Şoyble deyib: “1989-cu ildə biz hiss etdik ki, nə isə dəyişməyə başlayıb. Macarların qeyrəti sayəsində məlum oldu ki, tarixdə yeni dövr başlanıb və Avropa bundan sonra parçalanmış şəkildə qalmayacaq. Almaniya Macarıstanın 1989-cu ilin sentyabr ayında öz sərhədini açmaq qərarını heç vaxt unutmayacaq. Bu hadisə Almaniyanın birliyinə və Avropanın birləşməsinə yol açdı”.
Şoyble verilişin aparıcısının sualına cavab olaraq bildirib ki, 1989-cu ildə götürülmüş dəmir pərdəni 2015-ci ildə Suriya-Əfqanıstan miqrasiya böhranının ən yüksək həddə çatdığı dövrdə Macarıstanın cənub sərhədi boyunca tikilmiş dəmir hasarla müqayisə etmək olmaz. “Onların arasında heç bir ümumi cəhət yoxdur”, - deyən Bundestaq sədrinin sözlərinə görə, “dəmir pərdə insanları bir-birindən ayırırdı”, dəmir hasar isə cari problemlərə, o cümlədən qloballaşmaya və regional fərqlərə cavab idi. Tamamilə aydındır ki, insanlar müharibələrdən zərər çəkmiş yoxsul regionlardan qaçacaqlar, lakin bu da aşkardır ki, Avropa ehtiyacı olanların hamısını qəbul edə bilməz. Biz miqrasiya probleminin həllini tapmalıyıq”. Şoyble sərhəd nəzarətinin zəruri olduğunu bildirib, lakin bunu da əlavə edib ki, “biz özümüzü təcrid etmək istəmirik, çünki Avropa qala deyil”. O deyib: “Əgər biz daxili sərhəd nəzarətini bərpa etmək istəmiriksə, onda Avropa İttifaqının xarici sərhədini qorumalıyıq”.
Volfqanq Şoyble Macarıstan-Almaniya münasibətləri barədə sualın cavabında deyib: “Siyasi fikir ayrılıqları nəticəsində bizim aramızda yeni uçurumlar yaranmaması üçün, yalnız birlikdə səmərəli şəkildə həll edilə biləcək problemləri həll etmək üçün daim səy göstərməliyik”.
Siyasətçi deyib: “Əgər Avropa uğursuzluğa düçar olarsa, Almaniyanın gələcəyi uğurlu olmayacaq, Macarıstan o halda yaxşı perspektivlərə malik olacaq ki, o, Birləşmiş Avropanın tərkib hissəsi olsun”.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2019-09-18 10:57:00