×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının gömrük nəzarətindən gizlədilməklə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, idarənin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən “İpək Yolu” gömrük postunda Türkiyədən gələn yük avtomobilinin qoşqusunda mallar yoxlanılan zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib. Daha sonra yüklər açılıb və nəticədə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə elektrik lampalarının qutularının içərisində gömrük nəzarətindən gizlədilmiş 759 qutu müxtəlif markalı dərman preparatları aşkarlanıb.
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dərman preparatlarını qanunsuz yolla gətirən şəxslər ifşa edilərək təhqiqata cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-09-18 12:11:00