×
A
A
A
Sazlamalar

ABŞ hökuməti Edvard Snoudeni və “Şəxsi iş” memuarlarını çapdan buraxan naşiri məhkəməyə verib

Vaşinqton, 18 sentyabr, AZƏRTAC 

ABŞ hökuməti Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snoudeni və “Şəxsi iş” memuarlarını çapdan buraxan naşiri məhkəməyə verib.
AZƏRTAC Amerika KİV-nə istinadla xəbər verir ki, Virciniya Şərqi Dairəsinin prokuroru Zakari Tervilliqerin bəyanatında Snoudenin nəşr etdirdiyi “Şəxsi iş” kitabının onun MKİ və MTA qarşısında sirlərin yayılmamasına dair götürdüyü öhdəliyi pozduğunu bildirib.
Tervilliqer deyib ki, kəşfiyyat məlumatları varlanmaq üçün yox, ölkənin milli təhlükəsizliyini möhkəmləndirmək üçündür. Baş prokurorun köməkçisi Cudi Xantın bəyanatında isə deyilir: “Edvard Snouden MKİ və MNB-də fəaliyyəti çərçivəsində Birləşmiş Ştatlar qarşısında götürdüyü öhdəlikləri pozub”. Snoudenlə birlikdə kitabın naşiri Makmillian və onun baş şirkəti olan “Holtzbrinck Publishing Group” da məhkəməyə veriliblər. Həmin kitab ABŞ və Böyük Britaniya da daxil olmaqla dünyanın 20 ölkəsində satışa çıxarılıb.
Xatırladaq ki, E.Snouden Amerika xüsusi xidmət orqanlarının 2013-cü ildəki məxfi sənədlərinin sızdırılmasını təşkil edib, onları “The Guardian” və “The Washington Post” qəzetlərinə ötürüb. Məxfi məlumatlarda Milli Təhlükəsizlik Agentliyində olan Amerika xüsusi xidmət orqanlarının total casusluq fəaliyyəti, bütün dünyada informasiya kommunikasiyaları vasitəsilə izlənmə əməliyyatları yer alıb.
Yaxın keçmişdə ABŞ-ın hakimiyyət orqanları məxfi məlumatları yayan xüsusi xidmət orqanları və hərbi qulluqçular barəsində qaldırılmış məhkəmə iddialarında bir sıra uğurlar əldə ediblər. 2016-cı ildə Birləşmiş Ştatların Hərbi-Dəniz Qüvvələri xüsusi təyinatlı dəstəsinin keçmiş əməkdaşı Mett Bissonett ABŞ hökumətinə 6,6 milyon dollar, həmçinin Üsamə ben Ladenin öldürülməsi əməliyyatının təfərrüatını açıqlayan “Çətin gün” kitabının bütün gələcək qonorarını ödəmək məcburiyyətində qalmışdı. O etiraf etmişdi ki, kitabda hökumət orqanlarının açıqlamaq istəmədiyi bir çox məxfi məqamlar var.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-09-18 11:52:00