×
A
A
A
Sazlamalar

Özbəkistanda toy və yas mərasimlərində yeni qaydalar tətbiq olunacaq

Daşkənd, 18 sentyabr, АZƏRTAC

Özbəkistan Ali Məclisinin Senatı ölkədə toy və yas mərasimlərinin keçirilməsi qaydaları haqqında nizamnaməni qəbul edib.
AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, vətəndaşlar bir gündən artıq toy edə bilməzlər. Qonaqların sayı maksimum 200 nəfər olmalıdır. Toyu hər iki tərəf birgə etdikdə isə bu hədd 300-ə çata bilər. Toy karvanında yalnız 3 maşın ola bilər. Lisenziyası olmayan maşınlardan istifadə etmək qadağandır. Nikaha daxil olanlar toy haqqında əvvəldən yerli hakimiyyət orqanlarına xəbər verməlidirlər. Toy axşam saat 23.00-da başa çatmalıdır. Milli ənənələrə zidd olan şoular, toydan əvvəl və sonra keçirilən, əlavə xərc tələb edən mərasimlər də qadağan edilir.
Dəfn mərasimləri ilə bağlı da yeni qaydalar tətbiq olunacaq. Bundan sonra yeddi, cümə axşamları, 20 gün, 40 gün, il kimi məclislərin keçirilməsinə icazə verilməyəcək. Yas mərasimi ancaq 3 gün çəkə bilər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-09-18 12:18:00