×
A
A
A
Sazlamalar

Ülvi Mehdiyev: Könüllülük fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçirilib

Bakı, 18 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimində deyib.
Ü.Mehdiyev bildirib ki, belə layihələrdən biri də “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin təşkilidir. Düşərgələrdən üçü cari ildə təşkil olunub. Builki düşərgələr Prezident İlham Əliyevin dəstəyi və könüllülərin müraciəti əsasında baş tutub. Artıq hər mövsümlə əlaqədar olaraq bu düşərgələr təşkil ediləcək.
“Vətən sərhəddən başlayır. Mən də hərbi xidmət zamanı sərhədçi olmuşam. Sərhədçi olmaq həqiqətən qürurverici və şərəflidir. Sərhədçi olmaq hərbi xidmətin ən romantik hissəsidir, çünki burada vətənin təbiətini, suyunu, daşını, torpağını daha gözəl hiss edə bilirsən. Bu da insanda köklü bir məhəbbət yaradır”, - deyə Ü.Mehdiyev qeyd edib.

Sosial 2019-09-18 11:34:00