×
A
A
A
Sazlamalar

Sahibkarlar üçün maarifləndirici seminar təşkil olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün “Kapital bazarları vasitəsilə maliyyələşmə” mövzusunda növbəti maarifləndirici seminar keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, KOB subyektlərinin müasir dövrün tələblərinə uyğun olaraq alternativ maliyyə mənbələrinə çıxış imkanları barədə məlumatlandırılması məqsədi daşıyan seminarda kapital bazarından maliyyələşmənin üstünlükləri və maliyyələşmə istiqamətləri müzakirə olunub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının mütəxəssisləri tərəfindən təqdim olunan mövzular sahibkarlar tərəfindən maraqla qarşılanıb.
İnteraktiv müzakirə və dialoq formatında keçirilən seminarda sahibkarlarla qiymətli kağızlar bazarında ticarət olunan maliyyə alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə imkanları və onun üstünlükləri, qiymətli kağızlar bazarının sahibkarlar üçün yaratdığı fürsətlər və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

 

Maliyyə 2019-09-18 11:33:00