×
A
A
A
Sazlamalar

ABŞ və Yaponiya ticarət sazişi üzrə ilkin razılaşma əldə ediblər

Vaşinqton, 18 sentyabr, AZƏRTAC

Prezident Donald Tramp Yaponiya rəhbərliyi ilə bir ilə yaxın davam edən danışıqlardan sonra bu ölkə ilə ticarət sazişi bağlamaq planı barədə Konqresə bildiriş göndərib.
AZƏRTAC xəbər verir ki, Tramp Yaponiyanın Baş Naziri Sindzo Abe ilə onun bu ayın sonunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak üçün Nyu-Yorka səfəri zamanı ticarət sazişi imzalamaq niyyətindədirlər.
“Mən administrasiyamın Yaponiya ilə tarif baryerlərinə münasibətdə ticarət sazişi üzrə ilkin razılaşmalara nail olduğu barədə xəbər verməyə şadam. Yaxın həftələrdə sazişi bağlamaq niyyətindəyəm”, - deyə Trampın Ağ ev tərəfindən dərc edilən bəyanatında bildirilir. “Mənim administrasiyam ABŞ və Yaponiya arasında daha ədalətli və qarşılıqlı ticarətə gətirəcək hərtərəfli ticarət sazişinin bağlanması barədə Yaponiya ilə bundan sonrakı danışıqlarda Konqreslə əməkdaşlığın davam etdirilməsinə ümidvardır”, - deyə bəyanatda daha sonra bildirilir.
Tramp əlavə edib ki, o, Yaponiya ilə rəqəmsal ticarətə aid icra sazişini də imzalayacaq. ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer bəyan edib ki, ilkin saziş sənaye, kənd təsərrüfatı və rəqəmsal satış sahələrini əhatə edir. Lakin Yaponiya istehsalı olan avtomobil və avtomobillərin ehtiyat hissələri üzərinə qoyulan 2,5 faizlik tarifləri ləğv etmir.
Təklif olunan razılaşma Yaponiya avtomobillərinə və avtomobillərin ehtiyat hissələrinin Birləşmiş Ştatlara ixracatına 25 faizlik tarifin tətbiqi barədə Trampın söhbətlərinə son qoyacaq.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-09-18 11:02:00