×
A
A
A
Sazlamalar

Salyanda dövlət rəmzlərinə həsr edilmiş mühazirələr keçirilib

Bakı, 18 sentyabr, AZƏRTAC 

Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən “Azərbaycan Respublikasının dövlət rəmzləri, onların mahiyyəti və tərbiyəvi əhəmiyyəti” mövzusunda mühazirələr keçirilib.
AZƏRTAC Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov mühazirənin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, müstəqilliyin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapır. Dövlət rəmzlərimizin xalqın müstəqillik, suverenlik və milli azadlıq ideallarının simvolu olduğunu deyən natiq vurğulayıb ki, dövlət rəmzləri xalqımızın dilini, dinini, milliyyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini və s. amilləri özündə ehtiva edən çalarlardır.
“Məktəblərimizdə vətənə məhəbbət, dövlətçilik, azərbaycançılıq hissləri dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin geniş şəkildə təbliği, Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi Azərbaycanın gələcəyi olan yeniyetmə şagirdlərin əsl vətəndaş kimi tərbiyə olunmasında, vətənpərvər gəncliyimizin yetişməsində olduqca əhəmiyyətli və zəruridir” – deyə A.Qasımov bildirib.
Sonunda fəallığı ilə seçilən şagirdlər Salyan rayon Gənclər və İdman İdarəsinin həvəsləndirici diplomları ilə təltif ediliblər.

 

Sosial 2019-09-18 01:48:00