×
A
A
A
Sazlamalar

Gömrük nəzarətinə bəyan edilməyən 2 milyon manatlıq dərman preparatları aşkarlanıb

Bakı, 17 sentyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan külli miqdarda dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan faktla əlaqədar Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsində yaradılmış əməliyyat qrupu dərman preparatlarının DAF markalı 99 RM 810/60 ZA 811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdən aldatma yolu ilə ölkə ərazisinə gətiriləcəyini, sonra isə Qazax rayon ərazisində eyni markalı digər nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanları ilə dəyişdirilməklə Bakı şəhərinə aparılacağını müəyyən edib. Beləliklə, yaradılan əməliyyat qrupu sözügedən nəqliyyat vasitəsini nəzarətə götürüb. Nəzarətə götürülən həmin yük avtomobili sentyabrın 16-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olub və postun yaxınlığındakı rentgen qurğusundan keçməyərək birbaşa Qazax rayonun ikinci Şıxlı kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlib. Qeyd olunan ərazidə Gürcüstandan dərman vasitələrini gətirən Azərbaycan vətəndaşı Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanları açılaraq həmin əraziyə əvvəlcədən gətirilmiş eyni markalı, zahiri görünüşcə bənzəyən Azərbaycan vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi digər DAF markalı 99 RL 810/99 ZA 811 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat nişanları ilə dəyişdirilib və dərman vasitələri daşıyan nəqliyyat vasitəsi Bakı şəhəri istiqamətində hərəkətini davam etdirib. Sonra dövlət nömrə nişanı dəyişdirilən digər avtomobil rentgen qurğusundan keçmək üçün gömrük postuna yola düşüb. Əməliyyat qrupu dərhal Bakı şəhəri istiqamətində yola düşən, eyni zamanda rentgen qurğusundan keçmək üçün əraziyə gedən hər iki yük avtomobilini saxlayaraq “Qırmızı Körpü” gömrük postuna gətirib. Bundan sonra Azərbaycan vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi, ölkə ərazisinə 99 RM 810/60 ZA 811 dövlət nömrə nişanı ilə daxil olan, sonra dəyişdirilərək 99 RL 810/99 ZA 811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerində olan qutulardan mal müşayiət sənədlərində göstərilməyən 850 adda təqribi 2 milyon manat dəyərində dərman preparatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-09-17 19:12:00