×
A
A
A
Sazlamalar

Azərbaycan Polisi Bilik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb

Bakı, 17 sentyabr, AZƏRTAC 

Yeni dərs ilinin başlaması ilə əlaqədar polis əməkdaşları tərəfindən silsilə tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın əksər şəhər və rayon polis şöbələrində Vətənin bütövlüyü uğrunda və cinayətkarlıqla mübarizədə canından keçmiş şəhidlərin əzizləri, Qarabağ müharibəsi veteranları və aztəminatlı ailələrlə görüşlər keçirilib.
Görüşlərdə təhsilin Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olduğu qeyd edilib, ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün dövlət səviyyəsində mühüm qərar və sərəncamların verildiyi diqqətə çatdırılıb.
Polis əməkdaşları ailələrin problemləri və qayğıları ilə maraqlanıb, həmçinin onların məktəbə gedəcək övladlarını Bilik Günü münasibətilə təbrik edib, yaxşı oxumağı, bilik və bacarıqlarını inkişaf etdirmələrini tövsiyə ediblər.
Uşaqlara çanta, məktəbli geyimi və gündəlik dərs ləvazimatları hədiyyə edən polis əməkdaşları onlara dərslərində müvəffəqiyyətlər arzulayıblar.
Bu humanist aksiya azyaşlılar tərəfindən böyük sevinclə qarşılanıb. Uşaqlar üçün gözlənilməz olan hədiyyələr valideynlərin də sevincinə səbəb olub. Balacalar dərslərini əla qiymətlərlə oxuyacaqlarına söz veriblər. Onlar polis əməkdaşlarına minnətdarlıqlarını şeirlər söyləməklə ifadə ediblər.
Valideynlər isə bu diqqət və qayğıya görə ölkə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Yeni dərs ilinin başlaması ilə əlaqədar Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişinə əsasən sentyabrın 15-dən oktyabrın 15-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığına başlanıb. Yol polisi əməkdaşları respublikanın bütün şəhər və rayonlarında hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə piyada keçidlərinin yenilənməsini, yol nişanlarının qaydaya salınmasını təmin edərək bir sıra təhlükəsizlik tədbirləri həyata keçiriblər. Uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə maarifləndirici aksiyalar keçirilib. DYP əməkdaşları maarifləndirici şüarlar əks olunan plakatları rayonlar ərazisindəki məktəblərin önünə vurublar. Müəllimlər və valideynlərlə söhbətlər aparılaraq azyaşlı şagirdləri nəzarətsiz buraxmamaları, piyada keçidlərindən istifadə etmələri, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat vermələri tövsiyə edilib, onlara yol hərəkəti qaydalarını əks etdirən kitabçalar və məktəb ləvazimatları hədiyyə olunub.
Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə respublikanın daxili işlər orqanları yeni dərs ilinin başlaması ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Sentyabrın 16-da respublikanın paytaxtında, rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürülüb, valideynlərin və şagirdlərin təhlükəsizliyi təmin edilib.

Sosial 2019-09-17 19:43:00