×
A
A
A
Sazlamalar

Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı

Bakı, 17 sentyabr, AZƏRTAC

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə sentyabrın 17-də jurnalistlərə müsahibəsində deyib.
“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi vəziyyətini tamam dəyişdirdi. Ölkəmiz 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətdə idi. Yeni müstəqil olmuşdu və digər respublikalarla əlaqəsi kəsilmişdi. SSRİ-nin son illərində Azərbaycanın neft sənayesinə o qədər də diqqət yetirilmirdi. Bundan əlavə “Azəri-Çıraq-Günəşli” yataqları açılmışdı, lakin “Günəşli”nin yalnız 200 metrədək olan hissəsində işləmək mümkün idi. Qalan yerləri işləyə bilmirdik”, - deyə akademik bildirib.
X.Yusifzadə deyib: “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin şah əsəridir. Çünki “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı. Həmin dövrdə elə bir sahə yox idi ki, onu tezliklə inkişaf etdirib, Azərbaycanın sosial vəziyyətini müsbətə doğru dəyişəsən. Neftin hasil olunması, açılan yataqların işə salınması ilə bunu təmin edə bildik. Ümummilli Lider neftçiləri bir yerə toplayaraq qərara gəldi ki, bu yataqları işlətmək üçün xarici şirkətlərlə razılığa gəlinsin. Öz hesabımıza bu işləri görmək 30-40 il müddətinə başa gələcəkdi. Bu qərarın əleyhinə olanlar da vardı. Amma elə bir sosial vəziyyətdə 30-40 il gözləmək çətin olardı. “Əsrin müqaviləsi” bizim sosial vəziyyətimizi tamamilə dəyişdi. 1994-cü ildə ölkədə illik maksimum 9 milyon ton neft çıxarılırdısa, 2010-cu ildə bu rəqəm 51 milyon ton oldu. Bu müqavilə ilə ölkələrin bizə inamı artdı, xarici tərəfdaşlarla imzalanan müqavilələrin sayı 35-ə çatdı. Neftdən gələn gəlirlər respublikanın sosial vəziyyətinin düzəlməsinə gətirib çıxaran əsas amillərdən birinə çevrildi”.

Neft - qaz 2019-09-17 19:13:00