×
A
A
A
Sazlamalar

Teatrın 147-ci mövsümünün açılışı olub

Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümünün açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəhbərliyi, teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq bildirib ki, yeni teatr mövsümünün açılışının bu məkanda keçirilməsinin mənası var: “Bu gün Şuşa işğal altında olsa da, biz gələcəyə nikbin baxırıq. Bakıda qaçqınlıq həyatı yaşayan teatr normal yaradıcılıq şəraitində çalışmağa, tamaşalar oynamağa başlayır. Azərbaycan xalqı yaradıcı xalqdır. Əminik ki, ölkə rəhbərliyinin yeritdiyi siyasət sayəsində torpaqlarımız işğaldan azad ediləcək. İnanırıq ki, Şuşa teatrı öz şəhərində mövsümü açacaq, biz də həmin mərasimdə iştirak edəcəyik”.
Əbülfəs Qarayev qeyd edib ki, zəngin tarixi olan İrəvan teatrı da bizim diqqətimizdədir: “Harada İrəvan xanlığının adı varsa, onu yaşatmaq mənəviyyat məsələsidir. Ümidvaram ki, gələn mövsümdə İrəvan teatrının binasının açılışında iştirak edəcəyik”.
Nazir bildirib ki, Tiflis Azərbaycan teatrının yeni bina ilə təmin olunması məsələsi də aktualdır. Azərbaycan və Gürcüstan hökumətləri arasında bu məsələ həllini tapacaq. Həmçinin Dərbənd Azərbaycan teatrının məkanı genişlənməlidir: “Azərbaycan peşəkar teatrının tarixinin mühüm səhifələri Bakı ilə yanaşı, Şuşa, Tiflis, İrəvan və digər şəhərlərdə başlayıb və həmin şəhərlərdə də davam etməlidir”.
Əbülfəs Qarayev 2019-2020-ci il sənət mövsümündə teatr ictimaiyyətini gözləyən mühüm hadisələri də diqqətə çatdırıb: “Bu il Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dövlət teatrı kimi fəaliyyətinin 100, “Yuğ” Teatrının 30 illik yubileylərini qeyd edəcəyik”.
Ölkə başçısının teatr sənətinə xüsusi qayğısını qeyd edən nazir bu qayğı sayəsində teatrlarımızın beynəlxalq səviyyədə də uğurla təmsil olunduğunu vurğulayıb. Bildirib ki, bu il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yaradıcı ziyalılar ilə görüşündə teatr xadimlərinin təklif və təşəbbüsləri dövlət başçısı tərəfindən müsbət qarşılanıb.
“Teatr canlı orqanizmdir, onun ağrıyan, axsayan məqamları olsa da, sağlamdır. Bu kiçik salondan böyük teatr ictimaiyyətinə müraciət edərək deyirəm ki, sizin – Azərbaycan teatr sənətinin fədailərinin bu sənətin yaşamasında rolu böyükdür”, - deyə nazir söyləyib.
Sonra Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanı əsasında yazdığı “Dəli Domrul” pyesi üzrə tamaşanın premyerası olub.
Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində rolları Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov, Emin Sevdiməliyev və Əməkdar artist Azad Məmmədov ifa edib.

Mədəniyyət 2019-09-17 18:50:00