×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universitetinin əməkdaşı Türkiyə universiteti ilə əməkdaşlığa başlayıb

Bakı, 17 sentyabr, AZƏRTAC 

Beynəlxalq əlaqələri ildən-ilə genişlənən Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları öz bilik və bacarıqlarını artırmaq, daha böyük təcrübə qazanmaq üçün şəxsi təşəbbüslə çıxış edir, xaricdə yerləşən məşhur elmi-tədqiqat mərkəzlərinə üz tutaraq hələ ölkəmizdə kifayət qədər öyrənilməyən sahələrə xüsusi maraq göstərirlər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tibbi biologiya və genetika kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Aytəkin Həsənova 2015-ci ildən Azərbaycanda xromosom patologiyalarının prenatal genetik diaqnostikası sahəsində doktorluq dissertasiyası üzrə elmi araşdırmalar aparır. Bu sahə Azərbaycan tibbində yeni bir sahə olduğundan, o, Türkiyənin Samsun şəhərində yerləşən 19 Mayıs Universitetinin tibb fakültəsində 1 aylıq staj keçmək, tibbi genetika üzrə öz bilik və bacarığını artırmaq üçün müraciət edib.
A.Həsənovanın sözlərinə görə, fakültə dekanı professor Ayhan Dağdemir başda olmaqla kollektiv tərəfindən tibbi genetika elminin müxtəlif sahələri ilə tanış olmaq üçün ona əlverişli şərait yaradılıb. ATU təmsilçisi bir ay ərzində həmin universitetin əməkdaşı Ümmet Aburla birlikdə molekulyar və sitogenetik laboratoriyada genetik diaqnozun, müalicənin yeni və ən son üsullarının tətbiq edilməsi nəticəsində analizlərin aparılması ilə yaxından tanış olub.
Uzun illər xromosom patologiyalarının tibbi genetik elmi araşdırması sahəsində əvəzolunmaz xidməti olan professor Nurten Kara Aytəkin Həsənovanın apardığı elmi tədqiqat işi ilə yaxından tanış olaraq onun beynəlxalq nüfuzlu jurnallarda çap olunmuş elmi işlərini bəyənib və ona bu sahədə elmi əməkdaşlıq təklif edib.
Beləliklə, A.Həsənova 19 Mayıs Universitetinin tibb fakültəsinin əməkdaşları ilə iş birliyinə başlayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq ixtisas biliklərini daha da dərinləşdirəcək. Həmçinin tibbi biologiya və genetika sahəsində yeni araşdırmalar aparılması və elmi tədqiqat işlərinin inkişaf etdirilməsi, eyni zamanda, Azərbaycan Tibb Universitetinin tibbi biologiya və genetika kafedrasında bu sahənin tədrisi zamanı böyük faydası olacaq. Kursun sonunda təlimi uğurla başa vurduğuna görə A.Həsənovaya universitetin dekanlığı tərəfindən sertifikat təqdim edilib.

Səhiyyə 2019-09-17 18:15:00