Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Zoologiya İnstitutunda rusiyalı alimin Arktikada aparılan tədqiqatlarla bağlı məruzəsi dinlənilib

Bakı, 17 sentyabr, AZƏRTAC 

Sentyabrın 17-də Rusiya Elmlər Akademiyasının (REA) Ural Bölməsinin Bitki və Heyvanların Ekologiyası İnstitutunun baş elmi işçisi, REA-nın müxbir üzvü, biologiya elmləri doktoru Vladimir Boqdanov Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda olub.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Vladimir Boqdanov çalışdığı Bitki və Heyvanların Ekologiyası İnstitutunun fəaliyyəti və elmi istiqamətləri haqqında geniş məlumat verib.
Alim “Bitki və Heyvanların Ekologiyası İnstitutunun Arktikada elmi tədqiqatları” mövzusunda məruzə ilə çıxış edib. O, Arktikanın biomüxtəlifliyi, ərazinin ekoloji şəraiti, müxtəlif təbii və antropogen amillərin fauna və floraya göstərdiyi təsirlərdən danışaraq, əldə edilmiş nəticələr barədə institut əməkdaşlarını məlumatlandırıb.
Mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Ural Bölməsinin Bitki və Heyvanların Ekologiyası İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə birgə tədqiqatlar aparılması, bioloji resursların qiymətləndirilməsi, Xəzər dənizinin bioloji müxtəlifliyini öyrənmək üçün beynəlxalq laboratoriya yaradılması, Xəzər dənizi faunasının kadastrının hazırlanması, Ural və Azərbaycan faunasının müqayisəli analizi, “Binəqədi faunası” üzrə paleozooloji tədqiqatlar aparılması nəzərdə tutulur.

Elm və təhsil 2019-09-17 18:24:00