×
A
A
A
Sazlamalar

Energetika Nazirliyində Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Energetika Nazirliyində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr edilmiş “Sülh naminə beynəlxalq enerji əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə nazirliyin İnsan resursları və dövlət qulluğu şöbəsinin müdiri Əsəd İsmayılov və Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək, Beynəlxalq Sülh Gününün yaranma tarixi, bu günün qeyd edilməsinin əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombusman) Elmira Süleymanovanın təşəbbüsü ilə 21 avqust-21 sentyabr tarixləri arasında “Sülh aylığı” keçirilir və məqsəd insan hüquqlarının qorunması, müharibələrin, qeyri-zorakılıq hallarının qarşısının alınması, azadlığın və sülhün təmin olunmasına yönələn maarifləndirici tədbirlərin keçirilməsidir.
Tədbirdə Azərbaycanın enerji siyasətindən bəhs edən “Sülh naminə beynəlxalq enerji əməkdaşlığı”na dair təqdimat dinlənilib. Ölkəmizin neft və təbii qaz tarixi, neftçıxarma sahəsinə xarici sərmayə axını, neft və qaz hasilatı, Azərbaycan neftinin və qazının dünya bazarına sərbəst və sürətlə çıxışını təmin edən neft-qaz ixrac boru kəmərləri barədə ətraflı məlumat verilib, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində ölkəmizin bir sıra enerji layihələri üçün tranzit olaraq əhəmiyyətindən danışılıb.
Sonda Azərbaycanın xarici dövlətlər və iri beynəlxalq şirkətlərlə əməkdaşlığı çərçivəsində reallaşan Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin, eləcə də regionda sülhün təmin olunmasında mühüm rolundan bəhs edilib və meqa layihəyə həsr edilmiş videoçarx izlənilib.

Energetika 2019-09-17 14:47:00