×
A
A
A
Sazlamalar

Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq

Bakı, 17 sentyabr, AZƏRTAC
Ölkə ərazisində sentyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21°, gündüz 26-29° isti, Bakıda gecə 19-21°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 27-32° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 27-32° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 15-20° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 24-28° isti, dağlarda gecə 6-10°, gündüz 18-23° isti olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20°, gündüz 24-29° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacaq.

 

Ekologiya 2019-09-17 14:30:00