×
A
A
A
Sazlamalar

Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabı təqdim olunub YENİLƏNİB VİDEO

Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Azərbaycan-Fransız Universitetində (UFAZ) SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr olunan “Ömrümün illəri və izləri” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində “Total” şirkətinin ölkə üzrə direktoru Denis Lemarşal kitabda qədim neft diyarı olan Azərbaycanın müasir neft sənayesinin son 50 illik tarixinin yığcam, lakin faktlar və hadisələr baxımından kifayət qədər dolğun şəkildə əks etdirildiyini deyib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bildirib ki, kitabı oxuduqca ötən əsrin 30-cu illərindən bu yana Azərbaycanın tarixinin müxtəlif mərhələləri göz önündən keçir, eyni zamanda, bugünkü dövlətimizin iqtisadi müstəqilliyinin həmin illərdə təməlini qoymuş insanların peşəkarlığına, vətənpərvərliyinə, daha yüksək vəzifə tutanların isə uzaqgörənliyinə şahid olursan.
SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov qeyd edib ki, kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizin neft sənayesinin inkişafı, xüsusən dənizdəki yataqların işlənilməsi sahəsində gördüyü nəhəng işlər barədə ətraflı söhbət açılır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib: “Kitabda Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra ölkənin əsas sərvətindən gənc dövlətin tərəqqisi naminə istifadə edilməsi üçün işlənib hazırlanmış ulu öndər Heydər Əliyev neft strategiyasının həyata keçirilməsinə, ölkə başçısı İlham Əliyevin vaxtilə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi bu sahədəki böyük xidmətlərinə geniş yer verilib”.
SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov isə kitabın özəllikləri barədə danışıb.
Çıxış edənlər Azərbaycanın tanınmış mühəndis-geoloqu, akademik Xoşbəxt Yusifzadənin həyat və fəaliyyətindən söhbət açıb, kitabın nəfis tərtibatda hazırlandığını bildiriblər.
Sonda SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib: O deyib: “Bu kitabı mən sevimli Vətənimin oğul və qızlarına ünvanlayıram. Xatirələrim siyasi və iqtisadi müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, Azərbaycanın çiçəklənən bir diyara çevrilib dünya dövlətləri arasında daha layiqli yer tutması işində onlara azacıq da olsa kömək etsə, özümü xoşbəxt sanaram”.
Xatırladaq ki, kitab Azərbaycan, rus və vyetnam dillərində də çap edilib.

Neft - qaz 2019-09-17 11:40:00

Video