×
A
A
A
Sazlamalar

Noyabrda Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək

Bakı, 17 sentyabr, AZƏRTAC 

Noyabrın 6-7-də “JW Marriott Absheron Baku”da “Medinex” - Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək.
Tədbirin təşkilatçısı olan “Caspian Event Organisers” şirkətindən AZƏRTAC-a bildirilib ki, tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbir olan “Medinex” sərgisi Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir.
“Medinex” sərgisi 3 zonadan ibarət olacaq. “Showcase” zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə, potensial tərəfdaşlarla tanış olmaq, mövcud əlaqələri möhkəmləndirmək, məhsul və xidmətləri təqdim etmək mümkün olacaq.
“İnnovasiyalar” zonası tibb sahəsinin gələcəyini bu gün görmək imkanı yaradacaq. Həmin zonada sərgi qonaqlarına tibb sahəsinin ən müasir layihələri, nailiyyətləri, inqilabi prototipləri, gələcəyin texnologiyalarını və avadanlıqları nümayiş etdiriləcək.
“Prezentasiya” zonasında sərgini müşayiət edəcək əlavə tədbirlər, çoxsaylı biznes görüşlər, tibdə futurologiya mövzusunda təqdimatlar, müxtəlif təqdimatlar, sessiyalar yer alacaq.
“Medinex” sərgisində tibdə informasiya texnologiyaları, tibbi texnika və avadanlıq, tibbi məhsullar, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər, optika və oftalmologiya, pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik avadanlıq, tibb müəssisələri və apteklər üçün avadanlıq, tibbi turizm, yaşlı nəsil üçün məhsullar, diyetologiya, tibbi təhsil, BeFit – sağlam həyat tərzi kimi sektorlar təqdim olunacaq.
“Medinex” sərgisi ilə eyni platformada Qafqaz regionunda gözəllik sənayesinə həsr olunmuş ən irimiqyaslı, Azərbaycanda isə yeganə tədbir olan Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası Sərgisi “Beauty Azerbaijan” keçiriləcək. Sərgidə kosmetoloji avadanlıqlar, dekorativ kosmetika və bir sıra digər sektorlar təqdim olunacaq. Həmçinin “Beauty Azerbaijan” sərgisi çərçivəsində “Master Class Area” (Ustad dərsi zonası) fəaliyyət göstərəcək. Bu zona, yenilikləri hədəf auditoriyaya təqdim etmək üçün ideal platforma olmaqla yanaşı, unikal bacarıqları paylaşmaq, yeni məhsul və ya xidməti maraqlanan auditoriyaya təqdim etmək üçün əlverişli məkandır.
Beləliklə, “Medinex” və “Beauty Azerbaijan” sərgiləri sahə mütəxəssislərini bir araya gətirən və biznes əlaqələrinin genişləndirilməsi, habelə satış coğrafiyasını artırmaq üçün əla fürsətdir.
Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.
“Medinex” və “Beauty Azerbaijan” sərgilərində iştirak etmək istəyən təşkilatlar daha ətraflı məlumat üçün təşkilatçılara müraciət edə bilər.
Sərgilər barədə ətraflı mütəmadi olaraq yenilənən məlumatı www.medinex.az və www.beautyexpo.az saytlardan əldə edə bilərsiniz.

Səhiyyə 2019-09-17 11:52:00