×
A
A
A
Sazlamalar

Misir KİV-ləri: Azərbaycan Qoşulmama Hərəkatının XVIII Sammitinə ev sahibliyi etməyə hazırdır

Qahirə, 17 sentyabr, AZƏRTAC

Misirdə populyar olan “Əl-Məsriyyə” və “Əl-Omax” qəzetlərinin saytlarında AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin “Azərbaycan Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının XVIII zirvə görüşünə ev sahibliyi etməyə hazırdır” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, Bakıda keçiriləcək bu nüfuzlu beynəlxalq tədbirdə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət və hökumət başçıları iştirak edəcək və Azərbaycan 2019-2022-ci illərdə bu qurumda sədrlik edəcək.
Məqalədə bildirilir ki, növbəti zirvə görüşünün Bakıda keçirilməsi və bu qurumda sədrliyin həmin görüşdə Azərbaycana verilməsi barədə qərar 2016-cı ildə XVII zirvə görüşündə yekdilliklə qəbul edilib. Bu qərar Prezident İlham Əliyevin yürütdüyü, Azərbaycan xalqının milli maraqlarına, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə, ölkələr arasında əməkdaşlığın təşviqinə, bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək əzminə əsaslanan müdrik və tarazlaşdırılmış siyasətin qanunauyğun nəticəsidir. Materialda xüsusi vurğulanır ki, bu fakt ölkəmizə böyük etimad və hörməti parlaq şəkildə nümayiş etdirir, Azərbaycanın beynəlxalq arenada böyük nüfuzunun tanınmasını təsdiqləyir.
Məqalədə deyilir ki, beynəlxalq münasibətlərin fəal iştirakçısı, beynəlxalq birlikdə böyük nüfuz sahibi olan Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn əsas prinsip və normalarına, o cümlədən ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərə riayət olunmasına sadiqdir.
Oxucuların diqqətinə çatdırılır ki, ölkəmizin Qoşulmama Hərəkatının üzvü olması və bu hərəkatda fəal iştirakı sayəsində hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi daha artıq dəstəklənir. Bu fakt hərəkatın yekun sənədlərində də əks olunur. Sözügedən sənədlərdə vurğulanır ki, bu münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməlidir.

 

Siyasət 2019-09-17 11:12:00