×
A
A
A
Sazlamalar

Roma Kinofestivalında Martin Skorsezenin “İrlandiyalı” filmi nümayiş etdiriləcək

Bakı, 16 sentyabr, AZƏRTAC

Rejissor Martin Skorsezenin “İrlandiyalı” (The Irishman) adlı yeni filminin premyerası filmin kinoteatrlarda məhdud şəkildə nümayişindən bir həftə əvvəl - oktyabrın 21-də Roma Kinofestivalı çərçivəsində baş tutacaq. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı festivalın direksiyası yayıb.
Festivalın bədii rəhbəri, kino tənqidçisi Antonio Monda deyib: “Bizim üçün “İrlandiyalı” proqramın mərkəzi bəndidir. Bu film dünya kinosunun ən yaxşı nümunələrindən biri olmağı vəd edir. Filmin Roma Kinofestivalında iştirakı bu baxışın nüfuzuna dəlalət edir”.
“Netflix” internet-platformasının prodüserlik etdiyi filmdə əsas rollarda dünya şöhrətli aktyorlar - Robert de Niro və Al Paçino çəkiliblər. Noyabrda ekranlara çıxacaq film sentyabrın 27-də Nyu-York Kinofestivalını açacaq, oktyabrın ortalarında isə London Kinofestivalını bağlayacaq.
XIV Beynəlxalq Roma Kinofestivalı oktyabrın 17-27-də keçiriləcək. Artıq məlum olub ki, kinosənətinə töhfəsinə görə nüfuzlu mükafata aktyor, komik və ssenarist Bill Mürrey layiq görüləcək. Qalan proqrama gəldikdə isə bu kinofestival müsabiqə əsasında keçirilmir və onun yeganə qalibi tamaşaçı seçimi əsasında müəyyənləşir. Monda hesab edir ki, Roma Kinofestivalı dünya kinematoqrafının ən yaxşı nümunələri üçün milli vitrin rolu oynamalıdır.

Mədəniyyət 2019-09-16 19:47:00