×
A
A
A
Sazlamalar

Fermerlərə xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyinin yayılma səbəbləri izah olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Goranboy rayonunda heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “Xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimdə xırdabuynuzlu heyvanlar arasında qeydə alınan infeksion xəstəliklər barədə məlumat verilib.
Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi Elsevər Hüseynov bildirib ki, xırdabuynuzlu heyvanlara ən çox zərər verən infeksion xəstəliklərdən biri də çiçək xəstəliyidir. Bu xəstəliyin inkubasiya müddətinin 4-12 gün davam etdiyini deyən E.Hüseynov, onun zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, nəbz və tənəffüs tezləşməsi, iştahanın itməsi ilə başladığını diqqətə çatdırıb: “1-4 gündən sonra başın dərisində (gözlərin və burunun ətrafında), yelində, ətrafların daxili hissəsində roziolalar, onlardan isə 12-15 millimetr diametrli papulalar inkişaf edir, buradakı toxumalar ölür və qaysaqlanıb düşür. Xəstəliyin mərhələlərinin ümumi müddəti 3-4 həftə çəkir və çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə qeydə alınarsa, balasalma baş verə bilər. Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr-pnevmaniya, qastroenterit, irinli artrit və korluq yaranır. Xəstəliyin ilkin proqnozu zamanı ölüm 2-3, yayılmış və hemoroji çiçək zamanı isə 100 faizədək ola bilər”.
Xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğunu vurğulayan təlimçi qeyd edib ki, cari il ərzində Goranboy rayonunda 229 min 621 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Təlimdə xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb və xəstəliklərin qarşısının alınması və onların idarə olunması, mövsümlə əlaqədar qeydə alınan xəstəliklər və onlarla mübarizə üsulları, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası barədə məlumatlar verilib.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Kənd təsərrüfatı 2019-09-16 18:18:00