×
A
A
A
Sazlamalar

33 nömrəli Uşaq Musiqi Məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, bu il yaranmasının 35 illiyi qeyd edilən məktəb 1984–cü ildən Nizami rayon, R.Rüstəmov küçəsi, 35 ünvanında fəaliyyətə başlayıb.
Açılış mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev dərs ilinin başlanması münasibətilə kollektivi təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.
Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına xüsusi önəm verərək bir neçə böyük layihənin reallaşmasına dəstək göstərdiyini xüsusi qeyd edən nazir deyib: “Son illər dövlət başçısının müvafiq sərəncamlarına əsasən, bir neçə mədəniyyət müəssisələri bərpa olunur. Deyə bilərəm ki, bu istiqamətdə Heydər Əliyev Fondunun dəstəyi ilə də böyük işlər başlanıb. Vaqif Mustafazadə adına 2 nömrəli Musiqi Məktəbinin açılışı oldu, sonra Suraxanıda yerləşən musiqi məktəbinin yenidən qurulması Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdı. Biz də öz növbəmizdə regionlarda olan onlarla məktəbdə lazımi şəraiti yaradılması üçün addımlar atıq. Son vaxtlar məktəblərin maddi-texniki bazasının möhkəmlənməsinə diqqət yetirilir. 33 nömrəli Musiqi Məktəbi 7 illik məktəbdir, 330-dan çox şagirdi var. Burada 80-dən çox müəllim çalışır, 11 fənn tədris olunur. Azərbaycanın musiqi mədəniyyəti yeni mərhələyə çıxmalıdır. Biz bu günədək ölkəmizin zəngin musiqisi olan bir ölkə olduğunu dünyaya tanıtdırdıq, bundan sonra da bu istiqamətdə işlərimiz davam edəcək”.
Mədəniyyət Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə pedaqoji kadrların işə qəbulunun 2015/2016-cı tədris ilindən etibarən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparıldığını deyən nazir bildirib ki, pedaqoji kadrların işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsi məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı kadrların şəffaf və sağlam rəqabət şəraitində seçilib nazirlik sisteminə daxil olan tədris ocaqlarında yerləşdirilməsi, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsi məqsədi daşıyır: “Müəllimlərin işə qəbulu bu il də mərkəzləşdirilmiş qaydada, şəffaf və rəqabət şəraitində həyata keçirildi. Bununla əlaqədar olaraq nazirliyin müvafiq əmri ilə müsabiqə və apelyasiya komissiyaları yaradılmışdı. İşə qəbul üzrə müsabiqəyə elektron ərizələrin qəbulu iyunun 20-dən iyulun 1-dək aparıldı. Müsabiqənin ikinci mərhələsi (müsahibə) iyulun 5-dən 20-dək keçirildi. Ölkə üzrə müsabiqəyə çıxarılmış 258 vakant yerə 530 nəfər elektron ərizə ilə müraciət etmişdi. Müraciət edənlərin ərizələri yoxlanılaraq müsahibəyə 433 nəfərin buraxılmasına icazə verildi. Yekun nəticəyə görə, müsahibədə iştirak edən 356 nəfərdən 123 nəfəri məktəb və mərkəzlərdə işləmək hüququ qazandı. Bakı şəhəri üzrə vakansiyaya çıxarılmış 50 yerə 28 nəfər, bölgələr üzrə 208 vakant yerə 95 nəfər işə qəbul olunub”.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək belə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib, bu işdə əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.
Sonra tədbir iştirakçıları məktəblə yaxından tanış olublar.
Məktəbdə 2018-ci ilin noyabr ayından əsaslı təmir işlərinə başlanılıb. 6 sinif otağı və kitabxanası olan məktəbin 9 pəncərəsiz sinif otağında havalandırma sistemi quraşdırılıb, məktəb texniki cəhətdən yenidən tərtib edilərək bütün inventar və avadanlıqlar yenilənib.
Hazırda məktəbdə 21 sinif otağı, zal (50 nəfərlik), kitabxana, qəbul otağı (dəftərxana), direktor otağı mövcuddur və ümumi sahəsi 300 kvadratmetr təşkil edir.
Məktəbdə 11 ixtisas üzrə ( fortepiano, skripka, klarnet, tar, kamança, qanun, qarmon, nağara, vokal, xanəndə, fleyta) 333 şagird təhsil alır, 4 şöbə üzrə ( fortepiano, xalq çalğı alətləri, orkestr alətləri, nəzəriyyə) 84 müəllim fəaliyyət göstərir.
Təmir işləri görülən zaman məktəb, idarənin tabeliyində fəaliyyət göstərən bir neçə müəssisədə, həmçinin Nizami Rayon İcra Hakimiyyətinin köməkliyi ilə 238 nömrəli tam orta məktəbdə yerləşdirilərək fəaliyyətini davam etdirib.
Bu gündən etibarən 33 nömrəli Uşaq Musiqi Məktəbi müəllim və şagirdlərini yenidən qəbul etməyə hazırdır.

Musiqi 2019-09-16 17:06:00