×
A
A
A
Sazlamalar

Bakı Ağ Şəhərdə yeni məktəb binasının layihəsi təqdim edilib

Bakı, 16 sentyabr, AZƏRTAC 

Təhsil Nazirliyinin sifarişi ilə Bakı Ağ Şəhər ərazisində sosial infrastruktur obyektlərinin tikintisi çərçivəsində növbəti təhsil ocağının layihələndirilməsi başa çatıb və yaxın zamanda tikintisinə başlanılması nəzərdə tutulur.
“Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tam orta təhsil məktəbinin layihə konsepsiyası Türkiyənin “BUDA Mimarlık” şirkəti, tam layihəsi isə Azərbaycanın “ArchiCO” mühəndislik şirkəti tərəfindən işlənilib. 1,3 hektar ərazidə tikiləcək məktəbin ümumi sahəsi 15 min kvadratmetr təşkil edir. Müasir üslublu məktəb binasının qarşısında layihələndirilmiş xüsusi dizaynlı meydan məktəblilərin sevimli görüş məkanına çevrilməyi vəd edir. Məktəb sahəsində özəl landşaft, şagirdlər üçün futbol və basketbol meydançaları, eləcə də qaçış yolu layihələndirilib. Həmçinin 1536 şagird yerlik nəzərdə tutulan məktəbdə tədris və fənn otaqları, laboratoriyalar ilə yanaşı, inzibati otaqlar, bədii dərnəklər, yeməkxana, idman və akt zalı fəaliyyət göstərəcək.
Məktəb binası Mərkəzi Park Kvartalındakı “Paris evləri”nin ətrafında, Süleyman Vəzirov küçəsində yerləşəcək. Nəqliyyat baxımından məktəbə rahat piyada gəlişi, avtomobillərin hərəkəti, valideynlər üçün avtoparkinq yerləri və ictimai nəqliyyat üçün dayanacaq təşkil olunacaq.
Bu, Ağ Şəhər ərazisində fəaliyyət göstərən Fransız Liseyi və Kaspi Liseyindən sonra 3-cü məktəb olacaq. Ağ Şəhərdə daha 2 məktəbin və uşaq bağçalarının layihələndirilməsi nəzərdə tutulub.

Tikinti̇ 2019-09-16 15:21:00