×
A
A
A
Sazlamalar

Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunacaq

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 19-20-də Qobustan Milli Tarix-Bədii Qoruğunda “Avropa irs günləri” çərçivəsində tədbirlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iki gün ərzində qoruqda dörd tədbirin təşkili nəzərdə tutulur.
Belə ki, əvvəlcə qonaqlar qoruq və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Buta” instrumental ansamblı tərəfindən səsləndirilən Avropa Birliyinin himnini dinləyə biləcəklər. Sonra qoruq ərazisində Azərbaycan filmlərinin çəkildiyi yerlərə mini-turlar təşkil olunacaq, rəssamlar tərəfindən burada ustad dərsləri keçiriləcək, habelə fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgilər açılacaq.
Qeyd edilən tarixlərdə ziyarətçilər üçün qoruq ərazisində “açıq qapı” günü də təşkil ediləcək.
Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa irs günləri” hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab edilir. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Mədəniyyət 2019-09-16 14:03:00