×
A
A
A
Sazlamalar

Belçika polisi silahların qanunsuz idxalının qarşısını almaq üçün reydlər keçirir

Brüssel, 16 sentyabr, AZƏRTAC

Ötən həftə silahların qeyri-qanuni idxalına qarşı mübarizə üzrə polis əməliyyatı keçirilib. 800 polis işçisinin iştirak etdiyi reydlərin gedişində 638 vahid silah müsadirə edilib, 205 nəfər istintaqa cəlb olunub, 51 nəfər həbs edilib.
AZƏRTAC Belçika paytaxtı polisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, reydlər Brüsseldə, Hal-Vilvorde rayonunda və Qərbi Flandriyada keçirilib. Reydlər nəticəsində silahlardan əlavə bir neçə kiloqram narkotik maddə müsadirə edilib, kannabis (marixuana) yetişdirilən iki qeyri-leqal ferma aşkar edilib.
Əməliyyat avtomatların, yarımavtomatik silahların, tüfənglərin qeyri-qanuni yolla idxal edilməsində şübhə doğuran şəxslərə qarşı keçirilib. İlkin ehtimala görə silahlar Mobejdəki (Fransa) diler mərkəzində istehsal edilib.
Belçikada odlu silah saxlamaq üçün lisenziya tələb edilir. Bu qanunun pozulmasına görə 1 aydan 5 ilə qədər həbs cəzası və 800 avrodan 200.000 avroya qədər cərimə ödənilməsi şəklində cəza tədbiri nəzərdə tutulur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Dünya 2019-09-16 13:06:00