×
A
A
A
Sazlamalar

Qoruqlarda “Avropa irs günləri” qeyd olunacaq

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 19-20-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda “Avropa irs günləri” çərçivəsində tədbirlər keçiriləcək.
Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov AZƏRTAC-a bildirib ki, hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba Soyqırımı Memorial Kompleksində də geniş qeyd olunacaq. Həmçinin qoruqlarda “açıq qapı” günləri və mədəni irsin qorunmasına həsr olunmuş maarifləndirici tədbirlər təşkil olunacaq. Ziyarətçilərin qoruqlara girişi ödənişsizdir.
Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa irs günləri” hər il sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab edilir. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Mədəniyyət 2019-09-16 12:30:00