×
A
A
A
Sazlamalar

İlk dərs günündə paytaxt yollarında sıxlığın idarə olunması üçün nəzarət tədbirləri gücləndirilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi (BNA) ilk dərs günündə paytaxtda sərnişin və nəqliyyat sıxlığının idarə olunması məqsədilə tədbirləri gücləndirib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, fəaliyyət planına uyğun olaraq, sıxlıq müşahidə edilməsi proqnozlaşdırılan məktəbətrafı ərazilər əvvəlcədən müəyyən edilib, nəzarətə götürülüb. Həmin məktəblərin ətrafında yerləşən yol kəsişmələrində işıqfor fazalarına müvafiq dəyişikliklər edilib, dayanma-durma qaydalarına nəzarətin gücləndirilməsi məqsədilə əməkdaşlar cəlb olunub.
Sıxlıq müşahidə edilən ərazilərdən keçən avtobusların fəaliyyətinin təşkili istiqamətində də bir sıra tədbirlər icra edilib. Daşıyıcılar, xətt dəstə rəisləri və dispetçerlər ərazi üzrə təhkim olunub. Verilən tapşırıqların icrasına nəzarət məqsədilə BNA-nın mobil qrupları tərəfindən ərazidə monitorinqlər keçirilir.
Səhər saatlarında paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq halları müşahidə edilib. Lakin həyata keçirilən tədbirlər (mümkün olan yerlərdə yaşıl dalğa tətbiq etməklə) sayəsində hərəkətin normal təşkili təmin olunub.
KİV, o cümlədən “Avto FM 107.7” vasitəsilə əhali yollarda müşahidə edilən sıxlıq barədə vaxtında məlumatlandırılıb.

 

Nəqliyyat 2019-09-16 12:43:00