×
A
A
A
Sazlamalar

MİDA: Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin tikintisi sürətlə davam etdirilir

Bakı, 16 sentyabr, Ramiz Quliyev, AZƏRTAC 

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında, Qanlı Gölün şimal hissəsində yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 15,4 hektar təşkil edir. Hazırda burada tikinti işləri sürətlə davam etdirilir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Qeyd olunub ki, yaşayış kompleksi 22 doqquzmərtəbəli və 18 onikimərtəbəli olmaqla 40 binadan ibarətdir. Bu kompleks üzrə agentliyin sərəncamında olan mənzillərin sayı 1458-dir. Bunlardan 144-ü birotaqlı, 42-si birotaqlı studio tipli, 461-i ikiotaqlı, 740-ı üçotaqlı, 71-i isə dördotaqlı olacaq. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.
“Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 1 mərtəbəli 350 yerlik üç uşaq bağçasının, 3 mərtəbəli 1200 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub”, - deyə MİDA-dan bildirilib.

Tikinti̇ 2019-09-16 12:08:00