×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumlar “qara qızıl”ın qiymətində sıçrayışa səbəb olub

Bakı, 16 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına silahlı pilotsuz uçan aparatlarla təşkil edilən hücumlardan sonra birjalarda neftin qiyməti rekord həddə çatıb.
AZƏRTAC xəbər verir ki, geosiyasi risklərə dair narahatlıqların artması fonunda “Brent” markalı xam neftin qiyməti 10 faiz, “Light” neftinin qiyməti isə 9 faiz artıb. Ötən gün “Brent”in bir barrelinin qiyməti 12 dollar artaraq 71 dollara yüksəlməklə rekord səviyyəyə çatıb. Bu son üç ildə ən böyük qısamüddətli artımdır.

Hücunlardan sonra Səudiyyə Ərəbistanının neft hasilatı 50 faiz azalıb

Abqaiqdəki dünyanın ən böyük neft emalı zavoduna və krallığın ikinci ən böyük neft yatağına hücumlarından sonra ölkədə neft hasilatı gündəlik 5,7 milyon barrel geriləyib. Bu, neft bazarları üçün ən böyük istehsal itkisidir. Belə ki, həmin göstərici Səddam Hüseynin Küveytə hücumu zamanı İraq və Küveytdəki istehsal itkilərini ötüb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, bu itki 1979-cu ildə İslam İnqilabı zamanı İranın istehsalında qeydə alınan geriləməni də üstələyir.

“Saudi Aramco”: İstehsalın yenidən bərpası bir neçə həftə çəkəcək

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” neft istehsalının üçdəbirini bazar ertəsində yenidən bərpa etməyi nəzərdə tutur.
Şirkətin baş icraçı direktoru Amin Nasser istehsalın yenidən bərpası üçün işlərin davam etdiyini deyib. O, hasilatın tam bərpasının isə bir neçə həftə çəkəcəyini bildirib.
Ekspertlərə görə, bu itkilər qlobal neft tədarükünün 5 faizi deməkdir və bu, bazara təsirsiz ötüşmür.

ABŞ hücumu İranın təşkil etdiyini iddia edir

Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları hücumu öz üzərinə götürüb. Lakin ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo hücumu İranın təşkil etdiyini iddia edirlər.
Həmçinin D.Tramp ehtiyac duyulacağı təqdirdə ölkənin strateji neft ehtiyatlarından istifadəyə icazə verdiyini də açıqlayıb.

Neftin qiymətindəki kəskin artım maliyyə bazarlarına da təsirsiz ötüşməyib

Qızıl, yuan və ABŞ-ın Xəzinədarlıq istiqrazları kimi etibarlı aktivlər hücumlardan qaynaqlanan geosiyasi narahatlıqlar fonunda artan tələbatla bağlı güclü şəkildə yüksəlib. Norveç kronu və Kanada dolları da daxil olmaqla bəzi valyutaların qiyməti artıb. ABŞ-da təbii qaz fyuçers müqavilələri isə təxminən 13 faiz çoxalıb. Qızılın qiymətində də artım qeydə alınıb.
Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 66,57 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60,01 dollara satılır.

Neft - qaz 2019-09-16 11:43:00