×
A
A
A
Sazlamalar

Daha iki boksçumuz dünya çempionatının səkkizdəbir finalına vəsiqə qazanıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, mundialın yeddinci günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayıb. Onlardan ikisi mərhələ adlayıb, digəri isə yarışla vidalaşıb. Çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Tayfur Əliyev türkmənistanlı Yazmurat Qurbanovu, 81 kiloqram çəki dərəcəsində çıxış edən Alfonso Dominqes İspaniya təmsilçisi Qazimaqomed Calidovu məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. İsmayıl Yaqubov (91 kiloqram) isə Ukrayna təmsilçisi Marat Qriqoryanı üstələyə bilməyib.
Səkkizdəbir finalda T.Əliyevin rəqibi ingiltərəli Peter Makqraillə, A.Dominqes isə avstriyalı Umar Cambekovla qarşılaşacaq. Hər iki görüş sentyabrın 17-də olacaq.
Qeyd edək ki, ötən gün Məsud Yusifzadə (52 kiloqram) də 1/8 finala yüksəlib.
Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 17-dək davam edəcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

 

İdman 2019-09-16 08:26:00