×
A
A
A
Sazlamalar

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının qonaqları ağacəkmə aksiyasında iştirak ediblər

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyası (AGF) sentyabrın 16-22-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatı zamanı ağacəkmə aksiyası təşkil edib.
AZƏRTAC xəbər verir ki, ağacəkmə aksiyası yarışlar başlamazdan 1 gün əvvəl – sentyabrın 15-də Milli Gimnastika Arenasının parkında keçirilib.
Tədbirdə 37-ci dünya çempionatına təşrif buyurmuş nümayəndə heyətləri, gimnastlar, Beynəlxalq Gimnastika (FIG) və AGF-nin nümayəndələri, həmçinin çempionatın rəsmi səfiri, 1996-cı ildə keçirilmiş Olimpiya Oyunlarının gümüş medalçısı Yana Batırşina iştirak ediblər.
Əvvəlcə açılış sözü ilə çıxış edən AGF-nin baş katibi Nurlana Məmmədzadə qonaqları salamlayıb və onlara tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirib. Yetişən gənc nəslə təbiətin mühafizəsi çağırışını verən təşkilatçılar daha sonra ilk olaraq Y.Batırşina ilə ağacəkmə mərhələsinə start veriblər. Ardınca gimnastlar və digər qonaqlar da ağac əkərək, ətraf mühitin qorunmasına, yaşıllığın artmasına öz töhfələrini veriblər.
Ağacəkmə aksiyasında iştirak edən gimnastlar təmsil etdikləri ölkə adından ağac əkməklə, çempionat zamanı bütün dünyaya sülh və ətraf mühitin mühafizəsi mesajını verərək ictimaiyyətin diqqətini cəlb ediblər.
Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də insanların, xüsusilə, gənc nəslin ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməkdən ibarətdir.
“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300-dən çox gimnast birincilik uğrunda mübarizə aparacaq. Çempionatda ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

İdman 2019-09-15 16:55:00