×
A
A
A
Sazlamalar

İsveçrənin “Evviva Polo Club St. Moritz” klubu 7-ci arena polo üzrə dünya kubokunun bürünc mükafatçısı olub

Bakı, 15 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda baş tutan 7-ci arena polo üzrə dünya kubokunun bürünc mükafatçısı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu, İsveçrənin “Evviva Polo Club St. Moritz” komandası olub. İsveçrəlilər “Planernaya Polo Club Moscow” (Rusiya) komandasını 4:2 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatına sahib çıxıblar.
İsveçrəli poloçular ilk oyunda Azərbaycan təmsilçisi “Elite Horse & Polo Club Baku” klubuna 11:3, ikinci görüşdə isə Almaniyanın “Los Nocheros Polo Club Münster” komandasına (9:8) məğlub olublar.
Rusiyalı poloçular ilk turda Almaniyanın “Los Nocheros Polo Club Münster” klubunu məğlub edib - 9:7, ikinci oyunda isə “Elite Horse & Polo Club Baku” komandasına böyük hesabla məğlub olub - 12:1.
Qeyd edək ki, turnirin final görüşü “Elite Horse & Polo Club Baku” və “Los Nocheros Polo Club Münster” komandaları arasında baş tutacaq.
Xatırladaq ki, turnirin oyunları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilir.
Gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.

İdman 2019-09-15 16:00:00