×
A
A
A
Sazlamalar

Ağstafa və Tovuzda məktəb açılışları

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Ağstafa rayonunda Böyük Kəsik kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müəllim və şagirdlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov ölkənin hər bölgəsində müasir standartlara cavab verən məktəb binalarının tikildiyini söyləyib. Aparat rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, təhsil sahəsində qazanılan uğurlardan söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Ağstafa Rayon İcra Hakimiyyətin başçısı Nizaməddin Quliyev yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, ikimərtəbəli məktəb binasında sinif otaqları, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Məktəbdə 264 şagird təhsil alacaq.

x  x  x 

Sentyabrın 14-də Tovuz rayonu N.Sadıqov adına Alakol kənd 1 nömrəli tam orta məktəbin yeni tədris binasının açılışı olub. 

Müəllim və şagirdlərin iştirak etdikləri açılış mərasimində Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq tədrisin keyfiyyətinin yüksəldiyini vurğulayıb. O, yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun təhsil uğurlarından danışıb.
Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, yeni tikilən məktəb binası 624 şagird yerlikdir. Məktəb kimya, fizika və biologiya daxil olmaqla 6 laboratoriya otağı, eyni zamanda, kompüter, linqafon otaqları, yeməkxana, kitabxana, akt zalı, idman zalı, sanitar qovşağı, qazanxana və s. ilə təchiz olunub.

Elm və təhsil 2019-09-14 18:45:00