×
A
A
A
Sazlamalar

Ağstafa rayonunda həyətyanı sahədə səkkiz raket aşkarlanıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də saat 11:52-də Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 7-8 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə bir evə və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində partlayıcı maddə olan 7 və heç bir partlayıcı maddə olmayan 1 ədəd 122 millimetrlik 9M22U raketi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketlərin tapıldığı yerin ətrafında 2500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Hadisə 2019-09-14 18:39:00