×
A
A
A
Sazlamalar

“Şorlaşmış torpaqların kosmik təsvirlər əsasında təsnifatlaşdırılması” layihəsi üzrə yekun hesabat təqdim olunub

Bakı, 14 sentyabr, AZƏRTAC 

“Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov, qurumun “Təsvirlərin emalı” qrupunun rəhbəri Aqil Əhmədov, aqrar elmlər üzrə fəlsəfə doktoru Mehman Rzayev, kommersiya departamentinin müdiri Nail Mərdanov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sektor müdiri Bəhlul Salmanov AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.
AZƏRTAC xəbər verir ki, görüşdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “Azərkosmos” ASC ilə bağladığı müqavilədə nəzərdə tutulan tapşırıqların yerinə yetirildiyi qeyd edilib. Daha sonra birgə işlənmiş “Şorlaşmış torpaqların kosmik təsvirlər əsasında təsnifatlaşdırılması” layihəsi üzrə yekun hesabat təqdim olunub. Bildirilib ki, layihə dəniz səviyyəsindən 22-25 metr aşağıda yerləşən Salyan düzünü, o cümlədən Salyan və Neftçala rayonlarının ərazilərini əhatə edir.
Layihənin texniki tapşırığına uyğun olaraq, Salyan və Neftçala ərazilərinin məsafədən müşahidə vasitəsilə kosmik təsvirlərin spektral müxtəlifliyi müəyyənləşdirilib. Spektral müxtəliflik üzrə torpaq nümunələri götürülüb. Torpaq nümunələrində Na, Mg, Ca, K ionların miqdarı “Thermo Scientific İCAP 7200 İCP –OES Duo” cihazı vasitəsilə təyin edilib. Tam su çəkimi analizlərində isə karbonat, hidrokarbonat, sulfat, xlorid anionlarının miqdarı müəyyən edilib.
Laboratoriya analizlərinin nəticəsində “Azərkosmos” ASC Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birgə operativ və dəqiq elmi-tədqiqat işlərinin pilot layihəsini həyata keçirib. Layihə üçün nəzərdə tutulmuş 4 müxtəlif dövrə aid “Azersky” peyk görüntüləri əldə olunduqdan sonra onun emal mərhələsi yerinə yetirilib.

Elm və təhsil 2019-09-14 17:52:00