×
A
A
A
Sazlamalar

Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov ölkəmizə səfərə gələn türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüşüb.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki qardaş ölkə arasında əlaqələrin mövcud vəziyyətindən və inkişaf perspektivlərindən söhbət açılıb. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri siyasət nəticəsində dövlətlərimiz arasında ikitərəfli, həmçinin çoxtərəfli müstəvidə əməkdaşlığın gündən-günə dərinləşdiyi xüsusi vurğulanıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə vətənpərvərlik tərbiyəsində veteran təşkilatlarının rolundan danışılıb, belə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, indiki dövrdə ölkələrimiz arasında tarixi ənənələrə söykənən sarsılmaz qardaşlıq əlaqələri bütün sahələrdə olduğu kimi, hərb quruculuğu sahəsinə, eləcə də ehtiyatda olan zabitlər və veteran təşkilatlarının əməkdaşlığına yeni töhfələr verir.
Bakının işğaldan azad olunmasının 101 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılmaq üçün respublikamıza gələn qonaqlar Azərbaycan-Türkiyə münasibətlərini xalqlarımızın qardaşlığının təntənəsi kimi qiymətləndiriblər. Qeyd olunub ki, 101 il əvvəl iki qardaş xalqın əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ölkələrimizin hərb tarixinin ən şərəfli səhifələrindəndir.
Qonaqlar Azərbaycan Respublikasında səfərdə olmaqlarından məmnunluqlarını ifadə edib, səmimi görüşə və Azərbaycanın veteran təşkilatları ilə əlaqələrin inkişafı istiqamətində verilən dəstəyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə təşəkkürlərini bildiriblər.

Sosial 2019-09-14 17:45:00