×
A
A
A
Sazlamalar

Donald Tramp Üsamə ben Ladenin oğlunun öldürüldüyünü təsdiqləyib

Bakı, 14 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp “Əl-Qaidə” terror qruplaşmasının banisi Üsamə ben Ladenin oğlu Həmzə ben Ladenin Birləşmiş Ştatların keçirdiyi əməliyyat nəticəsində öldürüldüyünü təsdiqləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ prezidentinin sözlərinə görə, “Əl-Qaidə” qruplaşmasının yüksək vəzifəli üzvü Əfqanıstan və Pakistan regionunda öldürülüb.
“Həmzə ben Ladenin ölümü “Əl-Qaidə” qruplaşmasını vacib lider keyfiyyətlərindən və atası ilə simvolik bağlarından məhrum edəcək və qruplaşmanın mühüm operativ fəaliyyətlərini pozacaq. Həmzə müxtəlif qruplaşmalarla iş və planlaşdırma məsələlərinə cavabdeh idi”, - deyə Donald Tramp bildirib.
Qeyd edək ki, Həmzə ben Ladenin ölümü barədə xəbərlər hələ bu ilin yay aylarında yayılsa da, rəsmi Vaşinqton bu məlumatı təsdiq etməmişdi.

Dünya 2019-09-14 17:39:00