×
A
A
A
Sazlamalar

Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Ticarət nazirinin müavini Qönçə Yılmaz Baturun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, S.Mehdiyev Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlıq münasibətlərinin tarixi köklərə dayandığını söyləyib və son illər hər iki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu, məqsədyönlü siyasət hesabına bu əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb.
O qeyd edib ki, xüsusilə son illər regionda həyata keçirilən nəqliyyat və logistika layihələrinin Azərbaycanla Türkiyənin təşəbbüsü, iradəsi ilə reallaşması münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
DGK-nın sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik, daha modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması üçün yeni layihələrin icra olunduğunu bildirib. O, iki ölkənin gömrük orqanları arasında mütəmadi təcrübə mübadiləsinin aparıldığını deyib, qarşılıqlı məlumat mübadiləsinin daha effektiv həyata keçirilməsinin vacibliyinə toxunub və bu istiqamətdə atılan addımlardan danışıb.
Türkiyənin Ticarət nazirinin müavini Qönçə Yılmaz Batur isə iki ölkə arasındakı münasibətlərdən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib.
Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar əlaqələrin hazırkı vəziyyətini yüksək qiymətləndirən türkiyəli nazir Azərbaycanla qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılmasının vacibliyini qeyd edib. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin gömrük sferasında əlaqələri gücləndirdiyini bildirən qonaq bu istiqamətdə birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2019-09-14 17:16:00