×
A
A
A
Sazlamalar

Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

Bakı, 14 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, son beş ildə Səbail rayonunda aparılan abadlıq-quruculuq işləri və infrastrukturun, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər nəticəsində rayonun siması tamamilə dəyişib. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayonun qədimliyinin qorunması şərti ilə aparılan yenidənqurma işləri bu gün də yüksək səviyyədə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 14-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev rayonun Badamdar və 20-ci yaşayış sahəsi ərazisində olub, küçələrdə, parklarda, qəsəbələrdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olublar.
Əvvəlcə Badamdarda təşkil olunmuş meyvə-tərəvəz yarmarkasını gəzən rayon rəhbərliyi daha sonra IDEA İctimai Birliyinin təşkilatçılığı və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Abad məhəllə” layihəsi çərçivəsində Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4 ünvanında yerləşən həyətdə abadlıq və yaşıllaşdırma işləri ilə tanış olublar. Badamdar sakinləri ilə səyyar görüş keçirilib, əhalinin problemləri dinlənilib və bu problemlərin həlli istiqamətində göstərişlər verilib.
Daha sonra 20-ci yaşayış sahəsində küçələrdə, dalanlarda və tamamilə yenidən qurulan “Fəhlə əlləri” parkında aparılan abadlıq işlərinin gedişi ilə tanışlıq olub. Yolboyu sakinlər rayon rəhbərliyinə yaxınlaşaraq problemlərini, arzu və istəklərini bildiriblər. Sakinlər tək-tək dinlənilib və problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.
Qeyd edək ki, rayon rəhbərliyi ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə yerindəcə mütəmadi tanış olur və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti ilə maraqlanır. Rayonun küçələri, dalanları, evləri müasir tələblərə uyğun təmir olunur, illərlə asfalt çəkilməyən küçələrə asfalt çəkilir və kanalizasiya sistemi yenilənir.
Gəzinti boyunca rayon sakinləri görülən işlər və əhaliyə göstərilən diqqət və qayğı ilə bağlı dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Cəmiyyət 2019-09-14 16:43:00