×
A
A
A
Sazlamalar

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Gürcüstanın beyin mərkəzləri ilə əməkdaşlıq etməyi planlaşdırır

Tbilisi, 14 sentyabr, AZƏRTAC

Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Gürcüstanın beyin mərkəzləri ilə geniş və səmərəli şəkildə iş aparmağı, əməkdaşlıq etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu fikri Tbilisidə səfərdə olan BMTM-in sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında söyləyib.
Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda (Rondeli Fondu) keçirdiyi görüşün səmərəli olduğunu vurğulayan F.Şəfiyev deyib: “Gürcü həmkarlarımızla faydalı fikir mübadiləsi apardıq. Regiondakı vəziyyəti, beynəlxalq münasibətləri və təbii ki, ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə etdik”.
O, həmçinin qeyd edib ki, BMTM Gürcüstanın digər düşüncə mərkəzləri ilə də danışıqlar aparmağı planlaşdırır. Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır. Qonşu ölkələr arasında vaxtaşırı müəyyən problemlər yarana bilər. Bəzi xırda problemlərin aradan qaldırılması üçün müzakirə və həll yolları mexanizmi yaradılmalıdır.
“Düşüncə mərkəzlərinin üzərinə bu probmelərin müzakirəsi, vəziyyətdən çıxış yollarının axtarılması və mətbuatda işıqlandırılması kimi məsələlər düşür”, – deyə F.Şəfiyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Cəmiyyət 2019-09-14 15:27:00