Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
Nur-Sultan, 14 sentyabr, AZƏRTAC
Qazaxıstanın qərb vilayətində Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Etnik-Mədəniyyət Mərkəzi tərəfindən inşa ediləcək park “Jangir xan” və “Azərbaycan” küçələrinin kəsişməsində yerləşəcək.
Təməli Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qərbi Qazaxıstan vilayətinin akimi (qubernatoru) Qali İskaliyev tərəfindən qoyulan parkın tikintisi gələn həftədən başlayacaq.
Mərasimdə çıxış edənlər Azərbaycan cəmiyyətinin Uralskın və bütövlükdə bölgənin inkişafı üçün bir çox işlər gördüyünü, xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyini və gələcəkdə öz bəhrəsini verəcəyini deyiblər.
Parkda iki xatirə abidəsi qurulacaq. Bunlardan biri təməli ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulan dostluq abidəsi, digəri isə azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə abidəsidir.
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev 1911-ci ildə “Qazaxıstan” qəzetinin nəşrində yaranan çətinliyi aradan qaldırmaq üçün maddi yardım göstərib.
Abidələr azərbaycanlı memar tərəfindən hazırlanacaq. Parkın gələn ilin may ayında istifadəyə verilməsi planlaşdırılır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub