×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Ceyms Layl Şarp fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Ceyms Layl Şarp etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Prezident İlham Əliyev Azərbaycan-Böyük Britaniya tərəfdaşlıq əlaqələrinin zəngin tarixə malik olduğunu və uzun illər uğurla inkişaf etdiyini dedi, keçən ilin aprelində Böyük Britaniyaya səfərini və səfər zamanı aparılan səmərəli müzakirələrin əməkdaşlığımızın inkişafında rolunu qeyd etdi. İki ölkə arasında əlaqələrin müxtəlif sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev enerji sahəsində 25 illik dövr ərzində BP şirkəti ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi və bu əməkdaşlığın uzunmüddətli perspektivdə inkişaf etməkdə davam edəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev səfir Ceyms Layl Şarpa diplomatik fəaliyyətində uğurlar arzuladı.
Səfir Ceyms Layl Şarp yaxın günlərdə 25 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi” çərçivəsində əlaqələrin ölkələrimiz arasında geniş enerji əməkdaşlığının uğurlu nümunəsi olduğunu bildirdi. Səfir ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsinin və qeyri-neft sektoru, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, elm-təhsil və digər sahələrdə inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırdı. Ceyms Layl Şarp səfir kimi fəaliyyəti dövründə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Prezident İlham Əliyev, eyni zamanda, qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirərək Böyük Britaniyanın kiçik və orta biznes dairələrinin də Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu vurğuladı.
Görüşdə regional gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

Rəsmi xronika 2019-09-14 13:37:00

Video