×
A
A
A
Sazlamalar

Qax rayonunda gürcülərin yaşadığı kənddə yeni məktəb binası istifadəyə verilib

Qax, 14 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun Əlibəyli kəndində gürcüdilli tam orta məktəbin şagirdləri yeni dərs ilini yeni binada qarşılayacaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən Əlibəyli kəndində inşa edilən 216 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb və məktəb yeni dərs ili ərəfəsində şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə Təhsil nazirinin müavini İdris İsayev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, səfirliyin əməkdaşları, rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Zurab Pataradze yeni dərs ili ərəfəsində belə dəyərli hədiyyəyə görə Gürcüstan hökuməti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Mərasimdə Təhsil nazirinin müavini İdris İsayev, rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və kənd sakinləri çıxış edərək, yeni dərs ilində məktəbin kollektivinə uğurlar arzulayıblar.
Sonra yeni məktəb binasına baxış olub. Müasir standartlara uyğun inşa edilən yeni məktəb binasında sinif otaqları ilə yanaşı, 11 fənn kabineti, 2 laboratoriya, 2 texnologiya kabineti, kompüter və hərbi hazırlıq otaqları, həmçinin yeməkxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Cari dərs ilində məktəbdə 161 şagird təhsil alacaq, onların təlim tərbiyəsi ilə 33 müəllim məşğul olacaq. Ötən il məktəbi bitirən 16 məzundan 7-si Gürcüstanın ali məktəblərinə daxil olub.

 

Regionlar 2019-09-14 13:17:00