×
A
A
A
Sazlamalar

Professor Əlövsət Quliyev: Örüş və yay otlaq sahələrinin birbaşa əkin altında istifadəsi yolverilməzdir

Bakı, 14 sentyabr, AZƏRTAC

Örüş və yay otlaq sahələrinin birbaşa əkin altında istifadəsi yolverilməzdir. Çünki onlarda torpaq qatının qalınlığı azdır. Belə ərazilərdə əvvəlcə yonca və s. torpaq strukturu əmələ gətirən bitkilər əkilməlidir ki, torpağın qalınlığı normal həddə çatsın. Yalnız bundan sonra bu sahələr əkin altına verilə bilər. Digər tərəfdən, yay otlaq sahələrinin xeyli hissəsi işğal altındadır. Yerdə qalan hissəsi də əkilərsə, bu, heyvandarlığın inkişafını aşağı sala bilər.
Bunu AZƏRTAC-a müsahibəsində institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib. O qeyd edib ki, institutun laboratoriyalarında xam neftlə çirklənən ərazilərdə torpaqların münbitliyinin artırılması ilə bağlı fundamental tədqiqatlar aparılıb. Aparılan tədqiqatların uğurlu olması dövlətin elmin inkişafına göstərdiyi diqqət və qayğının, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin elm adamlarına verdiyi dəstəyin nəticəsidir.
Ə.Quliyev bildirib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu son illərdə Kür-Araz ovalığının Şirvan, Salyan, Mil düzlərində genişmiqyaslı tədqiqatlar yerinə yetirib. Tədqiqatlar zamanı əvvəlki illərdə əkin yerləri olan bir çox torpaq sahələrində təkrar şoranlaşmanın baş verdiyi və hazırda bu sahələrin istifadəyə yararsız olduğu müəyyən edilib. “Ona görə torpaq mütləq istifadə olunmalıdır. Özü də düzgün istifadə olunmalıdır ki, şoranlaşmaya məruz qalmasın. Çünki torpaq təkcə bizim yox, həm də gələcək nəslindir. Təəssüf ki, torpaqların münbitliyinin artırılmasına nəzarət mexanizmi aşağı səviyyədədir”, - deyə alim əlavə edib.
İnstitutun direktoru torpaqlarının münbitliyinin artırılması yollarından da danışıb. Qeyd edib ki, Neftçala rayonu ərazisində olan Kür çayının deltasında toplanmış milyon tonlarla lilin zəngin mineraloji tərkibi var. Üzvi gübrələrin, bakteriyaların və Kür lilinin qarışığından alınan zəngin qida maddələri rayonların qüvvədən düşmüş torpaqlarının münbitliyinin artırılmasında geniş istifadə oluna bilər.

Elm və təhsil 2019-09-14 13:00:00